Livanın cənubunda tərəflər arasında əldə olunmuş çərçivə sazişi çərçivəsində Livan ordusunun İsrail qoşunlarının mövqelərini mərhələli şəkildə təhvil alacağı ilk "pilot zona"da əməliyyatlara başlanılıb.
Gent.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
Bildirilib ki, əməliyyatlar üçtərəfli razılaşmaya uyğun olaraq Frun, Srifa və Zavtar əl-Qərbiyyə kəndlərində başlayıb. Məlumata görə, bu yaşayış məntəqələrindən ikisində İsrail Müdafiə Qüvvələrinin (SAXAL) bölmələri artıq ərazini tərk ediblər.
Zavtar əl-Qərbiyyə isə hələ də İsrailin bufer zonasına daxildir. Razılaşmaya əsasən, İsrail hərbçiləri həmin yaşayış məntəqəsindən də mərhələli şəkildə çıxmalıdırlar.
ABŞ Dövlət Departamenti qeyd edib ki, layihənin icrasına başlanılması ötən həftə Romada İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqların nəticəsidir. Bildirilib ki, çərçivə sazişinin tam həyata keçirilməsi üçün hər iki tərəflə əməkdaşlıq davam etdiriləcək.

