Almaniya avtomobil nəhəngi "Mercedes-Benz" strateji geriçəkilmə planı çərçivəsində Berlin şəhərindəki bütün satış şəbəkəsini özgəninkiləşdirib.
Gent.az xəbər verir ki, "Bild" nəşrinin işgüzar dairələrdən əldə etdiyi məlumata görə, paytaxtdakı bütün nümayəndəliklər "Alpha Auto Group"un rəhbəri, kanadalı milyarder Kuldip Billana satılıb.
Satışın təfərrüatları və gələcək planlar
Saziş Berlində fəaliyyət göstərən 7 böyük mərkəzi və orada çalışan 1500 nəfərlik personalı əhatə edir.
Lakin konsernin "təmizləmə" əməliyyatı bununla bitmir. Hamburq, Münhen və Reyn-Rur bölgələrindəki salonların da satışı gündəmdədir.
Bu genişmiqyaslı satış dalğası nəticəsində Almaniya üzrə ümumilikdə 8000-ə yaxın iş yerinin aqibəti sual altındadır.
Məlumata görə, Berlin filiallarının əməkdaşları bu qərar barədə gözlənilmədən, elektron poçt vasitəsilə məlumatlandırılıblar. Rəhbərlik işçilərə iki çıxış yolu təqdim edib:
1) Müəyyən ödəniş qarşılığında könüllü olaraq işdən ayrılmaq.
2) Yeni rəhbərlik altında fəaliyyəti davam etdirmək (yalnız birillik iş zəmanəti ilə).
Yeni mülkiyyətçinin mövcud kollektiv müqavilələrə və yüksək maaş standartlarına sadiq qalıb-qalmayacağı ciddi şübhə doğurur.
Xəbərdə qeyd olunur ki, sözügedən avtosalonların kollektivi son iki il ərzində satış prosesini dayandırmaq üçün müxtəlif etirazlar və hüquqi addımlar atsalar da, konsern rəhbərliyini fikrindən daşındıra bilməyiblər.
Ekspertlər bu addımı "Mercedes-Benz"in pərakəndə satış xərclərini azaldaraq birbaşa satış modelinə keçid strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.

