Audi “tam ölçülü” SUV seqmentinə daxil olmağa hazırlaşır. Şirkətin indiyədək istehsal etdiyi ən böyük model olacaq yeni Audi Q9 modelinin salon detalları artıq məlum olub. 
Gent.az xəbər verir ki, Yeni Q9 həm 6 nəfərlik, həm də 7 nəfərlik oturacaq konfiqurasiyası ilə təqdim ediləcək. 6 yerlik versiyada ikinci sırada təyyarələrin “biznes klass” bölməsini xatırladan tam müstəqil və elektriklə tənzimlənən oturacaqlar yerləşdirilib. Bu xüsusiyyət Audi tarixində ilk dəfə istifadə olunur. 
Modelin diqqət çəkən yeniliklərindən biri də elektriklə açılıb-bağlanan qapılardır. Qapılar sensorlar vasitəsilə ətrafı analiz edir və dar park yerlərində və ya maneə olduqda avtomatik dayanır. Sistem yaxınlaşan velosipedçi və digər hərəkət iştirakçılarını da aşkar edərək təhlükəsizliyə kömək edir. 
Avtomobildə indiyədək Audi modellərində istifadə edilən ən böyük panoram şüşə tavan yerləşdirilib. Pərdəsiz hazırlanan bu tavan bir düymə ilə şəffafdan mat rejimə keçə bilir. Avtomobil park ediləndə salonun görünməməsi üçün tavan avtomatik matlaşır. 
Tavan daxilində 84 LED işıq elementi yerləşir və onlar 30 fərqli rəngdə ambient işıqlandırma yarada bilir. Oturacaqların başlıqlarına inteqrasiya olunmuş dinamiklər və əlavə işıqlandırma elementləri də salonun premium hissini artırır. 
Material keyfiyyəti baxımından da model iddialıdır. Salonda alpaka lifli parçalar, Dinamica mikrofiber materialı, dəri və süni dəri kombinasiyaları, həmçinin Nappa dərisi istifadə olunub.

