"Avtomobillərə şin montajı zamanı ciddi səhvlərin baş verməsi istisna deyil. Məsələn, bəzən yeni şinləri zədələnmiş və ya çirklənmiş disklərin üzərinə quraşdırırlar ki, bu da sürücülər üçün təhlükə yaradır.
Gent.az xəbər verir ki, bu barədə rusiyalı avtoekspert Aleksandr Parxomçuk "Gazeta.ru" nəşrinə müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, səhv yerinə yetirilmiş montaj proseduru həm yeni təkərlərin istismar müddətini əhəmiyyətli dərəcədə qısaldır, həm də hərəkət zamanı qəza riskini artırır.
Ekspert şin montajı zamanı yol verilən əsas səhvləri və qorunma yollarını belə qruplaşdırıb:
- Ölçü uyğunsuzluğu: Ən çox rast gəlinən səhvlərdən biri şin və diskin ölçülərinin bir-birinə uyğun gəlməməsidir. Sürücülər hələ şin satın alarkən onların mövcud disklərə tam oturduğundan əmin olmalıdırlar.
- Disklərin yoxlanılması: Şinləri quraşdırmazdan əvvəl diskdə çatların, korroziyanın və əziklərin olub-olmadığı mütləq yoxlanılmalı, diskin boya qatının vəziyyəti qiymətləndirilməlidir.
- Təmizlik qaydaları: Disklər köhnə yapışqan izlərindən, hermetik qalıqlarından və digər kənar çirklənmələrdən tamamilə təmizlənməlidir. Çirkli diskin üzərinə vurulan şin hava buraxa bilər.
- Balans və kompensasiya: Şinlər diskin üzərinə elə quraşdırılmalıdır ki, onlar fırlanma zamanı bir-birinin ağırlığını kompensasiya etsin və yekun balans düzgün alınsın.

