İnsanların bir-birinə bənzəyən partnyorlar seçməsi təkcə onların xarici cəlbediciliyi ilə deyil, həm də uşaqlıqdan gələn şüuraltı vərdişlər və bioloji siqnallarla bağlı ola bilər.
Gent.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə rusiyalı psixoloqlar Yekaterina Krikunova və Dmitri Yaqudin məlumat veriblər.
Y.Krikunovanın sözlərinə görə, həyat yoldaşı seçiminə neyrobiologiya və psixikanın xüsusi mexanizmləri təsir göstərir. Burada ən mühüm amillərdən biri hələ uşaq yaşlarında formalaşan əhəmiyyətli insanın şüuraltı obrazıdır. Nəticə etibarilə, fərd fərqinə varmadan həmin formalaşmış şablona uyğun gələn və tanış davranış tərzi nümayiş etdirən şəxsləri axtarmağa başlayır.
Psixoloq qeyd edib ki, bənzər tərəfdaşların seçilməsinə əlavə olaraq koqnitiv sərtlik də təsir edir, çünki bu zaman psixika öyrəşilmiş sxemlərə tabe olmağa meyilli olur. Əvvəlcədən tanış olan insan tipi daha proqnozlaşdırıla bilən və təhlükəsiz variant kimi qəbul edilir. Buna görə də belə bir seçim çox vaxt yalnız romantik hisslərlə deyil, sadəcə vərdişlə bağlı olur.
"Əgər onlar uşaqlıqdakı hər hansı bir fiquru xatırladırlarsa, o zaman "mən onu tanıyıram" hissi yaranır ki, bunu da asanlıqla sevgi ilə səhv salmaq mümkündür", - deyə mütəxəssis vurğulayıb.

