BMT-nin HİV/QİÇS üzrə birgə proqramının rəhbəri xəbərdarlıq edib.
Gent.az BMT-nin məlumatına istinadla xəbər verir ki, təşkilatın yardım agentliyi - UNAIDS-in icraçı direktoru Vinni Byanyimanın sözlərinə görə, maliyyələşdirmədə kəskin azalma HİV-ə qarşı mübarizəyə zərbə vurur.
İcraçı direktor Nyu-Yorkdakı BMT-nin qərargahında jurnalistlərə bildirib ki, bir çox ölkə əvvəllər beynəlxalq maliyyələşdirmə ilə dəstəklənən proqramları davam etdirməyə hazır deyil, onların bəzilərində isə profilaktika və dəstək xidmətləri çöküb.
Bu gün HİV ilə yaşayan 9,3 milyon insan hələ də müalicəyə başlamağı gözləyir, halbuki 2024-cü ildə dünyada 1,3 milyon yeni yoluxma halı qeydə alınıb.
HİV/AİDS üzrə çalışan xeyriyyə təşkilatları və qruplar maliyyələşdirmənin kəsilməsi səbəbindən çoxu əməliyyatlarını azaldır və ya tamamilə dayandırır.
UNAIDS-in fəaliyyət göstərdiyi səkkiz ölkədə HİV-in qarşısının alınması xidmətlərinin 99,9 faizi xaricdən maliyyələşdirilir, yalnız 0,1 faizi daxili vəsaitlər hesabına həyata keçirilir.
Son iki ildə hər gün təxminən 570 qız və gənc qadın HİV-ə yoluxub. Buna baxmayaraq, qadınların rəhbərlik etdiyi HİV təşkilatlarının 60 faizi ya maliyyələşdirməsini itirib, ya da tamamilə bağlanıb.

