AMEA-da dünyaşöhrətli fotoqraf Reza Deqatinin təqdimat mərasimi keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində dünyaşöhrətli fotoqraf Reza Deqatinin "Odun zərifliyi" və "Günahsızların qətliamı" adlı kitablarının təqdimat mərasimi baş tutub.
Gent.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Reza Deqatinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı müstəsna xidmətlərini vurğulayıb. Akademik bildirib ki, məşhur fotoqraf 1990-cı illərdən etibarən 20 Yanvar faciəsini, Xocalı soyqırımını, eləcə də Birinci Qarabağ müharibəsinin acılarını və qaçqın-məcburi köçkünlərin taleyini foto yaddaşa köçürüb. Reza Deqatinin yaradıcılığında həm xalqımızın keçirdiyi ağrı-acılı dövrlərin, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, quruculuq işlərinin və Böyük Qayıdış prosesinin geniş əks olunduğu diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev və akademiyanın üzvü Sevda Məmmədəliyeva fotoqrafın sənətkarlığından, Azərbaycan reallıqlarının dünyada tanıdılmasındakı prinsipal mövqeyindən və çətin məqamlarda belə missiyasına sadiqliyindən bəhs ediblər. Daha sonra Reza Deqatinin peşəkar fəaliyyətini əks etdirən videosüjet nümayiş olunub.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi xidmətlərə görə Reza Deqati AMEA-nın xüsusi döş nişanı ilə təltif edilib.
Mükafatı qəbul edən Reza Deqati göstərilən yüksək diqqətə görə minnətdarlığını bildirib və çıxışı zamanı duyğularını bölüşüb: "Kaş ki, bu qürur dolu sevinci Zəfər Günü naminə canlarından keçmiş qəhrəman şəhidlərimizin anaları və əziz ailə üzvləri ilə də bölüşə biləydim."
Fotoqraf həmçinin şəkillərin yalnız bir anı deyil, həm də arxasında dayanan insan hekayələrini və tarixi reallıqları gələcək nəsillərə çatdıran mühüm vasitə olduğunu qeyd edib. Mərasim xatirə fotoşəkillərinin çəkdirilməsi ilə başa çatıb






