Kanadalı alimlərin araşdırmasına görə, erkən yaşda valideyn olan şəxslərin övladları gələcəkdə bir sıra problemlərlə üzləşə bilərlər.
Gent.az xəbər verir ki, bu barədə "PLOS One" jurnalında məlumat dərc olunub.
Məlumata görə, yeniyetməlik dövründə və ya iyirmi yaşın əvvəllərində ilk uşağın dünyaya gəlməsi sonrakı həyatda aşağı təhsil səviyyəsi, az gəlir və zəif sağlamlıq vəziyyəti ilə əlaqəli ola bilər.
Tədqiqatçılar erkən yaşda valideyn olmağın mənfi təsirlərini araşdırmaq üçün 6,2 mindən çox şəxsin məlumatlarından istifadə ediblər. Onlar ilk bioloji uşağın dünyaya gəlmə yaşını təhsil səviyyəsi, gəlirlər, fiziki və psixi sağlamlıq, həmçinin həyatdan ümumi məmnunluq səviyyəsi ilə müqayisə ediblər.
Araşdırma zamanı məlum olub ki, ən ciddi çətinliklər 16 yaşında valideyn olmuş şəxslərdə müşahidə edilib. Onların yalnız təxminən 40%-i orta məktəbdən yuxarı təhsil ala bilib.
Qeyd olunub ki, ilk valideynlik yaşı artdıqca ali və ya orta ixtisas təhsili alma ehtimalı da nəzərəçarpacaq dərəcədə yüksəlib və təxminən 31 yaşa qədər sabitləşib.
Oxşar mənzərə gəlirlərlə bağlı göstəricilərdə də müşahidə olunub. Yeniyetməlik dövründə valideyn olan şəxslər daha çox aşağı gəlir qrupuna daxil olublar. Maliyyə vəziyyəti isə uşağın doğulmasını 26-31 yaşa qədər təxirə salan insanlarda tədricən yaxşılaşıb.

